Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müəllimi və doktorantı
E-mail: [email protected]
UOT 342.565.2
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARLARI HÜQUQİ
MƏSƏLƏLƏRİN HƏLLİNƏ DAİR MÜASİR YANAŞMANIN MƏNBƏYİ KİMİ
Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin II hissəsinə əsasən, məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra – Konstitusiya Məhkəməsi), Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, ümumi və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər [1, m.125].
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində müstəsna rolu ilə seçilir. Həm Azərbaycan Respublikası Konstitusiyasının, həm də digər qanunvericilik aktlarının təhlili bunu aydın şəkildə göstərir. Belə ki, Əsas Qanunun 130-cu maddəsi Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas hüquqi bazasını təşkil edir və burada onun fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Eyni zamanda, Konstitusiyaya kompleks yanaşdıqda, 84, 86, 88, 101, 103, 104, 107 və digər maddələrdə də Konstitusiya Məhkəməsinin dövlət idarəçiliyindəki rolunu müşahidə etmək mümkündür. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin məhkəmə-hüquq sistemindəki xüsusi mövqeyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti və hakimlərinin statusu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Göründüyü kimi, qanunverici Konstitusiya Məhkəməsinin xüsusi statusunu nəzərə alaraq, onun fəaliyyətini ümumi qanunvericilik çərçivəsindən kənarda ayrıca normativ hüquqi akt vasitəsilə tənzimləmişdir [18, m.1].