Müstəqillik əldə etdikdən sonra Azərbaycanda məhkəmə hakimiyyətinin 
yenidən qurulması, hüquqi və demokratik dövlət 
quruculuğu sahəsində köklü islahatların aparılması, insan hüquq və azadlıqlarının beynəlxalq 
və milli müstəvidə yenidən nəzərdən keçirilməsi 
labüd hal almışdı. Keçən əsrin 90-cı illərinin 
əvvəllərində dövlət hakimiyyət orqanlarının 
fəaliyyətini tənzimləyən normativ bazanın səmərəsizliyi dövlət-vətəndaş münasibətlərində 
çətinlik yaratdığı kimi, korrupsiya risklərinə və 
digər hüquq pozuntularına əlverişli şərait yaradırdı. Bir tərəfdən ölkəmizin beynəlxalq arenada özünü sübut etmə səyləri, digər tərəfdən 
daxildə yeni hüquq sisteminin bərqərar olması 
vəzifələri gənc respublikanın qarşısında duran 
taleyüklü məsələlər idi.