Abdullayev Fətəli Nəriman oğlu,
siy.e.ü.f.d, dosent, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzi
E-mail: [email protected]
Qaziyeva Nəzakət Qurban qızı,
fil.ü.f.d., dosent, Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutu
E-mail: [email protected]
Vəliyev Hümmət Telman oğlu,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
E-mail: [email protected]
Əliyev Lətif Paşa oğlu,
f.r.ü.f.d., dosent, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
E-mail: [email protected]
UOT: 343.93/94
SƏS BİOMETRİYASI VƏ “SPOOFİNG” ƏLEYHİNƏ TƏDBİRLƏR:
MİLLİ KİBERTƏHLÜKƏSİZLİK STRATEGİYASI KONTEKSTİNDƏ
Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” [1] ölkədə şəxsiyyətin, cəmiyyətin və dövlətin xarici və daxili təhdidlərdən qorunmasına yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarını əks etdirir. Bu Konsepsiya Azərbaycan Respublikasının milli maraqlarını və təhlükəsizlik siyasətinin əsas istiqamətlərini müəyyən edir və milli təhlükəsizlik siyasətinin əsasını təşkil edir.
Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin mühüm istiqamətlərindən biri olduğundan, dövlətin, cəmiyyətin və vətəndaşların müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) təhlükəsiz istifadəsini təmin etmək məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” [2] kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına dair tədbirlərin müəyyənləşdirilməsini və həyata keçirilməsini təşkil edir. Həmçinin, bu Strategiya fərdi məlumatların qorunmasını təmin edir və Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şərait yaradır.