hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü,
Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müəllimi,
Milli Aviasiya Akademiyasının doktorantı
E-mail: [email protected]
UOT 342
RƏQƏMSAL HÖKUMƏT EKOSİSTEMİ: KONSTİTUSİON-HÜQUQI ƏSASLAR, İNSTİTUSİONAL
ARXİTEKTURA VƏ “GOVERNMENT-AS-A-PLATFORM” MODELİ (AZƏRBAYCAN KONTEKSTİNDƏ)
Dövlətin rəqəmsallaşması yalnız texniki modernləşmə prosesi deyil, həm də idarəetmənin hüquqi məzmununun və institusional mexanizmlərinin yeni mühitə uyğunlaşdırılmasıdır. Rəqəmsal hökumət ekosistemi – dövlət orqanları, biznes subyektləri, vətəndaşlar, rəqəmsal infrastrukturlar, məlumat resursları və hüquqi normalar arasında qarşılıqlı əlaqələr sistemidir və “dövlətin necə işləməsi” anlayışına yeni məzmun qazandırır. Bu baxımdan, rəqəmsal hökumət konstitusional dəyərlərin – hüquqi dövlət, insan hüquqları və qanunun aliliyi prinsiplərinin – rəqəmsal müstəvidə həyata keçirilməsi mexanizmi kimi çıxış etməlidir. Azərbaycan təcrübəsində elektron xidmətlərin təşkili üzrə normativ bazanın genişləndirilməsi, elektron imza və elektron sənəd institutunun gücləndirilməsi, fərdi məlumatların mühafizəsi sisteminin formalaşdırılması və məlumat mübadiləsinin mərkəzləşdirilməsi rəqəmsal dövlət arxitekturasının əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, rəqəmsal hökumət ekosisteminin hüquqi çərçivəsi yalnız bir neçə baza normativ aktla məhdudlaşmır. Bu sistem etimad mühiti, informasiya hüquqları, rəqəmsal infrastruktur, inzibati prosedurlar və rəqəmsal iqtisadi münasibətləri tənzimləyən, bir-birini tamamlayan qanunvericilik aktlarına əsaslanır. Belə ki, elektron etimadın və hüquqi autentikliyin təmin olunması “Elektron imza və elektron sənəd haqqında” qanun vasitəsilə həyata keçirilir.