Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının doktorantı
E-mail: [email protected]
UOT 343.1
HAKİMİN MÜSTƏQİLLİYİNƏ DAİR ƏSAS AVROPA STANDARTLARI
İnsan hüquqlarına dair Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində təsbit edilmiş hüquqlar sırasında müstəqil məhkəmə tərəfindən mühakimə olunmaq hüququ da yer alır. Odur ki, Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş müddəaların təfsirinə dair presedent hüququnu formalaşdırarkən ədalətli məhkəmə araşdırması hüququ kontekstində məhkəmənin müstəqil olması tələbinin mahiyyətini, məhkəmənin müstəqil olub-olmamasının qiymətləndirilməsi zamanı rəhbər tutulmalı olan meyarları və məhkəmənin müstəqilliyi ilə onun qərəzsizliyi arasındakı qarşılıqlı əlaqənin xarakterini izah etməli olmuşdur. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmənin müstəqil olması tələbi ilə onun obyektiv cəhətdən qərəzsiz olması tələbi bir-biri ilə o qədər sıx əlaqəlidir ki, məhkəmələrin müstəqilliyi qiymətləndirilərkən hər iki tələbə, yəni müstəqillik və qərəzsizlik tələblərinə birlikdə baxmaq zəruridir [18].