Hacıyev Həbib Bəhruz oğlu

hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin doktorantı

E-mail: [email protected]

UOT 34:004.8:341

KİBERTƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİNDƏ DÖVLƏT-ÖZƏL ƏMƏKDAŞLIĞININ BƏZİ XÜSUSİYYƏTLƏRİ

Müasir dövrdə kibertəhlükəsizlik problemi nəinki ayrı-ayrı milli dövlətlərin, bütövlüklə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik Şurasının üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə 29 iyun 2021-ci il tarixdə şəffaf beynəlxalq informasiya təhlükəsizliyi sisteminin inkişafı və təhlükəsizliyə təhdid yaradan kiberinsidentlər məsələlərinin nəzərdən keçirilməsinə həsr olunmuş “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması: Kibertəhlükəsizlik” mövzusunda iclası keçirilmişdir. Bununla belə, bəhs etdiyimiz sferada həm milli qanunvericilik, həm də beynəlxalq səviyyədə hələ də tam həcmdə adekvat tənzimləmə mexanizmlərinin yaradılmadığı etiraf edilməlidir.