İmaməliyev Hüseyn Qeyrət oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının

“Dövlət və hüquq nəzəriyyəsi və tarixi” ixtisası üzrə II kurs magistrantı

E-mail: [email protected]

UOT 340.1:342

HÜQUQYARATMA ANLAYIŞININ KONSEPTUAL ƏSASLARI: DOKTRİNAL

YANAŞMALAR VƏ İNSTİTUSİONAL MAHİYYƏT

Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda hüquqyaratma anlayışının normativ təsbiti yoxdur. Bu hal doktrinada ikili nəticə doğurur: elmi şərh üçün imkan yaratsa da, vahid nəzəri çərçivənin formalaşmasını çətinləşdirir. Mövcud təriflərin çoxluğu problemin mahiyyətini – hüquqyaratmanın hüquq normalarının hazırlanması, qəbulu, dəyişdirilməsi və ləğvi ilə bağlı fəaliyyətlərin geniş spektrini əhatə edən mürəkkəb institut olmasını – tam əks etdirmir. Mövcud doktrina hüquqyaratmanı əsasən sosiologiya, siyasət elmi və ya hüquq texnikası baxımından izah edir. Lakin bu institutun dərinliklərində epistemoloji sual gizlənir: qanunverici sosial reallığı necə bilir və bu biliyi normativ formaya necə çevirir? Hüquqyaratma mahiyyətcə reallığın konseptual modelləşdirilməsi prosesidir. Burada empirik faktlar (məsələn, iqtisadi göstəricilər, cinayət statistikası) hüquqi kateqoriyalar vasitəsilə interpretasiya olunur və normativ proqnoza çevrilir. Bu baxımdan, hər bir hüquq normasının arxasında qanunvericinin dünyagörüşü, dəyər prioritetləri və idrak sərhədləri dayanır. Məqalə bu epistemoloji ölçünü – hüquqyaratmanın “necə bilmə” və “necə qərar vermə” mexanizmlərini – konseptual təhlilə daxil etməyi təklif edir. Məqalənin məqsədi doktrinal yanaşmaları sistemləşdirərək, hüquqyaratma anlayışının konseptual əsaslarını vahid metodoloji çərçivədə təqdim etməkdir.

Yüklə