Mürşüdov Rəşad Ramil oğlu

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya

kafedrasının doktorantı

E-mail: [email protected]

UOT 343.2/.7

MÜASİR CİNAYƏT HÜQUQUNDA EHTİYATSIZLIQ VƏ DOLAYI QƏSD

ARASINDAKI SƏRHƏD: ŞÜURLU DAVRANIŞ ELEMENTİ VƏ MÜQAYİSƏLİ

HÜQUQİ TƏHLİL

Cinayət hüququnun fundamental prinsiplərindən biri də odur ki, şəxs törətdiyi əməlin yalnız fiziki tərəfinə (actus reus) görə deyil, həm də həmin əmələ olan daxili münasibətinə (mens rea) görə məsuliyyət daşıyır. Ehtiyatsızlığın növləri və dolayı qəsd arasındakı sərhəd ən çox mübahisə doğuran sahədir, çünki hər iki halda subyekt ictimai təhlükəli nəticəni birbaşa arzulamır, lakin riskli davranış nümayiş etdirir. Standart doktrina bu fərqi subyektin riski dərk edib-etməməsi (şüurlu davranış) ilə izah edir. Bu baxımdan belə bir sual meydana çıxır: ehtiyatsızlıqla dolayı qəsd arasındakı fərq yalnız nəzəri xarakter daşıyır, yoxsa cinayət məsuliyyətinin müəyyən edilməsi baxımından da hüquqi əhəmiyyətə malikdir? Anqlosakson cinayət hüququnda ehtiyatsızlıq subyektin öz hərəkətinin yaratdığı “əhəmiyyətli və əsaslandırılmamış riskdən şüurlu şəkildə boyun qaçırması” kimi təyin olunur. Burada iki mühüm komponent var: subyektiv (şəxsin riski dərk etməsi) və obyektiv (riskin ağlabatan insan nöqteyi-nəzərindən qəbuledilməz olması). Dan Morkelə görə, cinayətkarcasına özünəgüvənməni yalnız “şüurlu etinasızlıq” kimi görmək onun mahiyyətini tam ifadə etmir və bu növ əməllər əqli və iradi cəhətdən dolayı qəsdlə oxşarlıq təşkil edir [10, s. 326].

Yüklə