Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müəllimi
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56
E-mail: [email protected]
ORCID ID: 0009-0000-5146-2350
UOT 342.8
REFERENDUM İNSTİTUTUNUN KONSTİTUSİYA-HÜQUQİ MAHİYYƏTİ
VƏ PRİNSİPLƏRİ
Xalq hakimiyyətinin həyata keçirilməsinin müasir konstitusion modellərində birbaşa demokratiya institutları nümayəndəli demokratiyanı tamamlayan hüquqi mexanizmlər kimi çıxış edir. Bu institutlar sırasında referendum xüsusi yer tutur. Referendum vasitəsilə xalq dövlət hakimiyyətinin formalaşdırılmasında nümayəndə seçməkdən fərqli olaraq, konkret hüquqi və ya siyasi əhəmiyyətli məsələ üzrə öz iradəsini birbaşa ifadə edir. Buna görə referendumun hüquqi təbiəti yalnız səsvermə proseduru ilə deyil, xalq suverenliyi, konstitusion hakimiyyət bölgüsü, hüquqi dövlət və demokratik legitimlik prinsipləri ilə qarşılıqlı əlaqədə araşdırılmalıdır.