Quluzadə Tomris Azay qızı

Edinburq Universitetinin Hüquq və iqtisadiyyat fakültəsinin məzunu

E-mail: [email protected]

UOT: 349.3:613.22

AZƏRBAYCAN DA ANA SÜDÜ İLƏ QİDALAN MAN IN AZALMASININ SƏBƏBLƏRİ: MAARİFLƏNDİRMƏ,

İNSTİTUSİONAL DƏSTƏK VƏ HÜQUQİ TƏMİNAT SAHƏLƏRİNDƏ MÖVCUD OLAN PROBLEMLƏR

Ana südü ilə qidalanma ana və uşağın sağlamlığının qorunması baxımından sübut olunmuş üstünlüklərə malikdir. Tədqiqatlar ana südü ilə qidalanmanın körpələrdə qəfil körpə ölümü sindromu (SIDS) riskini azaltdığını, analar üçün isə bir sıra xroniki xəstəliklərin, o cümlədən endometrium xərçəngi, ürək-damar xəstəlikləri və 2-ci tip diabetin qarşısının alınmasına töhfə verdiyini göstərir [11][12][17][23][24]. Bu faktlar ana südü ilə qidalanmanı yalnız fərdi sağlamlıq məsələsi deyil, eyni zamanda ictimai səhiyyə və dövlət siyasəti baxımından əhəmiyyətli hüquqi tənzimləmə obyekti kimi çıxış etdirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk altı ay ərzində yalnız ana südü ilə qidalanmasını tövsiyə edir [5]. Azərbaycanda 3926 ev təsərrüfatında aparılmış Milli Qidalanma Sorğusuna əsasən, körpələrin yalnız 12 %-i həyatının ilk altı ayında yalnız ana südü ilə qidalanır [1]. Qlobal səviyyədə bu göstərici 38 % təşkil etdiyi üçün Azərbaycanın göstəricisi əhəmiyyətli dərəcədə aşağı hesab olunur [25]. Bu fərq, ana südü ilə qidalanma davranışlarına təsir edən amillərin müəyyən edilməsinin vacibliyini vurğulayır.