Bakı Dövlət Universitetinin Cinayət hüququ, cinayət prosesi, kriminalistika
və məhkəmə ekspertizası kafedrasının II kurs magistrantı
E-mail: [email protected]
UOT 343.14:342.7:341.231
CİNAYƏT TƏQİBİ ÜZRƏ QİYABİ İCRAATDA “TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN CİNAYƏT
TƏQİBİ ORQANINDAN GİZLƏNMƏSİ” VƏ “ÇAĞIRIŞA GƏLMƏKDƏN QƏSDƏN BOYUN
QAÇIRMASI” ANLAYIŞLARININ AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN QƏRARLARI
KONTEKSTİNDƏ ŞƏRHİ
22 dekabr 2023-cü il tarixli 1061-VIQD nömrəli Qanun ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (AR CPM) edilmiş dəyişiklikdən sonra cinayət təqibi üzrə qiyabi icraat xüsusi icraatların bir növü olaraq ayrılmışdır. AR CPM-ə görə, cinayət təqibi üzrə qiyabi icraat – məhkəmə tərəfindən qəbul edilmiş cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar əsasında təqsirləndirilən şəxsin iştirakı olmadan onun barəsində cinayət təqibi üzrə məhkəməyədək, həmçinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır [1, maddə 7.0.8-1].